Sayt kukilərdən istifadə edir
Saytımız saytın performansını, səmərəliliyini və rahatlığını yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz kukilərdən istifadə ilə razılaşırsınız Daha ətraflı
L.S. ÇUTKO, S.Y. SURUŞKİNA, T.İ. ANİSİMOVA
“N.P. Bextereva adına İnsan beyni İnstitutu” FDBEM, Sankt-Peterburq
Uşaqlarda təşviş-fobiya pozuntularının epidemiologiyasının, etiologiyasının, patogenezinin, əsas klinik təzahürlərinin və müalicəyə yanaşmaların öyrənilməsinə həsr edilmiş elmi nəşrlərin icmalı təqdim edilmişdir.
Açar sözlər: uşaqlarda təşviş-fobiya pozuntusu, noofen.
The article presents an overview of scientific publications devoted to the study of epidemiology, etiology, pathogenesis, clinical
manifestations and basic approaches to treatment of anxious-phobic disorders in children.
Keywords: anxious-phobic disorders in children, noofen.
Qorxular uşaqlarda təşviş pozuntularının əsas təzahürlərindəndir. Uşaq və yeniyetmələrin 15-20%-də müxtəlif təşviş pozuntularına rast gəlinir [1]. С. Essau və J. Gabbidon-un [2] məlumatlarına əsasən, uşaq və yeniyetmə yaşlarında müxtəlif dövrlərdə təşviş pozuntularının tezliyi 9-32%-ə çatır. A.Q. Qolovinanın fikrincə [3], bu patologiyanın yayılması xeyli daha yüksəkdir, lakin klinik səviyyəyə çatan psixopatoloji simptomları olan uşaqların yalnız cüzi hissəsi tibbi yardım alır.
Orta əsrlərdə fəaliyyət göstərmiş həkim İbn Sina yazırdı ki, heyvanlardan fərqli olaraq insanda qorxu təkcə bilavasitə təhlükənin dərk edilməsi ilə deyil, həm də ona zərər verə biləcək bir şeyin baş verəcəyini əvvəlcədən hiss etməklə bağlıdır. K. İzardın fikrincə [4], təşviş bir çox emosiyalardan ibarətdir, onlardan biri də qorxudur. Qorxudan fərqli olaraq, təşviş, adətən, predmetsizdir, irrasionaldır və konkret stimulu yoxdur. Təşviş və qorxu arasındakı fərq, adətən, psixiatriyaya K. Yaspers tərəfindən daxil edilmiş meyara əsaslanır, bu meyara əsasən, təşviş hər hansı stimulla əlaqəli olmadan hiss olunur (“sərbəst üzən təşviş”), halbuki qorxu müəyyən stimul və obyekt ilə əlaqəli olur. Məşhur uşaq psixiatrı X. Remşmidt [5] hesab edir ki, qorxular üç səviyyədə dəyişikliklərə səbəb olur: narahatlıq, zərər və s. səviyyəsində; davranış səviyyəsində: qaçış strategiyası (qaçma, yayınma); fizioloji səviyyədə: ürəkdöyünmənin və tənəffüsün tezləşməsi, tərləmə.
Bununla yanaşı, unutmamaq lazımdır ki, uşağın qorxuları uyğunlaşmanın “normal” təzahürü də ola bilər. Əgər qorxu uşağın
gündəlik həyatına cüzi təsir edirsə və ya cəmi bir neçə həftə davam edirsə, çox güman ki, bu qorxu uşağın normal inkişafının bir hissəsidir. Lakin uşaqlar və onları əhatə edən mühit fasiləsiz olaraq dəyişir və bir yaş üçün normal olan qorxular, digər yaşda sosial qarşılıqlı münasibət bacarıqlarının inkişafı üçün maneə ola
bilər [6]. Qeyri-müəyyən və ya təhlükə yaradan vəziyyətə, eləcə də informasiya çatışmazlığına cavab olaraq yaranan təşviş real təhlükə və çətin vəziyyət yaranacağı halda orqanizmi səfərbər edən normal uyğunlaşma reaksiyasıdır. Ç. Darvin yazırdı ki, qorxunu yaşamaq qabiliyyəti insanın və heyvanların anadangəlmə xüsusiyyətidir, təbii seçmə prosesində əhəmiyyətli rol oynayır. Onun fikrincə, bir çox nəsillərin həyatı boyu bu adaptiv mexanizm təkmilləşib, çünki təhlükədən qaçmaqda və onu dəf etməkdə daha bacarıqlı olan insan qalib gəlir və sağ qalırdı.
Uşaqlarda təşviş pozuntularının inkişafı bioloji, psixoloji
və mühit amillərinin qarşılıqlı təsiri zamanı baş verir. Risk amillərinə valideynlərin təşvişi, qapalı davranış tərzinə meyl ilə uşağın şəxsi xüsusiyyətləri, uşağın həyatında baş verən travmatik (mənfi) stress hadisələri, eləcə də tərbiyə üslubu aiddir.
Təşviş pozuntuları üzrə irsi meyli də qeyd etmək lazımdır. S. Last və həmmüəll. tərəfindən [7] aparılmış tədqiqat göstərmişdir ki, təşvişi olmayan uşaqlarla müqayisədə təşvişli uşaqları çox vaxt təşvişli valideynlər tərbiyə edir. Təşviş pozuntuları üzrə irsi meyl uşaqların 40-50%-də qeydə alınır [8]. A. Caspi və həmmüəll. [9] hesab edirlər ki, stressə davamlılığın aşağı olması irsən ötürülür. E.L. Kazantsevanın
fikrincə [10], uşaq və yeniyetmələrdə fobiya pozuntuları başlıca olaraq, dəyişilmiş bioloji və/və ya sosial-psixoloji “zəmin”də, əlavə kəskin situasion və ya somatik zərərlərdən bilavasitə sonra inkişaf edir.
T. O’Connor və həmmüəll. [11] və K. Bergman və həmmüəll. [12] anada baş verən antenatal təşvişin uşağın inkişafına təsirini tədqiq ediblər. Məlum olmuşdur ki, hamiləliyin 32-ci həftəsində təşvişin yüksək səviyyəsi uşaqda emosional pozuntuların, oğlanlarda 47 aylıqda və qızlarda 81 aylıqda hiperaktivliyin və diqqət pozuntusunun yaranması riskini iki dəfə artırır. 18-ci həftədə keçirilən təşviş hissi də davranış və emosional pozulmaların inkişafına səbəb olmuşdur, lakin yalnız qızlarda. Uşaqlarda təşviş pozuntularının yaranmasında perinatal dövrdə keçirilmiş stressin roluna Beesdo və həmmüəll. [1] və R. Fine və həmmüəll. [13] əsərlərində xüsusi diqqət yetirilir.
B. Van der Bergh və А. Marcoen [14] hesab edirdilər ki, təşvişli anaların uşaqlarında beyinin monoaminergik sistemləri (o cümlədən hipotalamo-hipofizar və limbik) hamiləliyin 12-22-ci həftələrində təşvişlə əlaqəli hormonların zərərli təsiri ilə prenatal proqramlaşdırılmış ola bilərlər.
Uşağın anadangəlmə temperamenti və tərbiyə üslubu da
valideyn və uşaq təşvişi arasında əlaqəyə təsir edən mexanizmlərdir [15]. Davranış tormozlanmasına (behavioral
inhibition) xüsusi diqqət yetirilir [16]. Belə uşaqlar tanış olmayan sosial vəziyyətlərə düşdükdə nəzərəçarpan inamsızlıq ilə xarakterizə olunurlar. Populyasiyada uşaqların təxminən 15-20%-i bu cür temperamentlə xarakterizə olunur [17].
W Jacobs və L. Nadel-in fikrincə [18], fobiyaların yaranmasının əsasında sinir sisteminin yetişkən olmamasının
(xüsusilə hippokamp strukturlarının) və qorxu yaşama təcrübəsinin birləşməsi dayanır. Təhlükə baş verdikdə yaranan qorxu reaksiyası inkişaf edir, lakin şəxsiyyət hələ təhlükəli və təhlükəsiz vəziyyətləri fərqləndirə bilmir.
A. Etkin və T. Wager [19] qeyd ediblər ki, təşviş pozuntuları olan pasiyentlərdə badamvari cisim və insulada həddən artıq oyanma baş verir. Təşviş zamanı badamvari cismi, prefrontal
qabığın ventral şöbələrini və singulate qabığın ön şöbələrini ehtiva edən “qorxu dairəsi” aktivləşir [20]. Emosional tənzimləmənin
çatışmazlığı “normal” qorxuları dəf etməyə və ya onlara alışmağa imkan vermir. Qorxuların dishabituasuyası (alışmanın olmaması) dəf edilmiş qorxunun qayıtmasına səbəb olur.
Uşaqlarda təşviş pozuntularının inkişaf etmə səbəblərindən
danışarkən, psixo-travmatik amillərin rolunu birinci yerə qoymaq
lazımdır. V.V. Kovalyov [21] uşaq yaşlarında psixo-travmatik
vəziyyətlərin aşağıdakı növlərini ayırd edirdi: şok, situasion qısamüddətli, xroniki psixotravmalar və emosional deprivasiya.
C. Boulbinin [22] nəzəriyyəsinə əsasən, uşaq-ana bağlılığı uşaq ilə ona qulluq edən böyüklər arasında etibarlı və davamlı münasibətlərin mövcud olması ilə xarakterizə olunur. Müəllifin fikrincə, bağlılıq ananın yaxınlığı və onun uşağa qayğısı ilə müəyyən edilən davranış sistemindən ibarətdir. Təşviş və qorxunun yaranmasının qarşısını alan əsas amil təhlükəli
vəziyyətlərdə bağlılıq obyektinin (çox zaman bu obyekt ana olur) hər zaman yaxında olacağı barədə formalaşan gözlənti hesab olunur. Əgər uşaq bu təhlükəsizlik bünövrəsini əldə edibsə, o, öz bağlılıq obyektinin yanında onu əhatə edən aləmi tədqiq etməyə cəsarət edir. Bağlılıq obyektinə inam və ya inamsızlıq real təcrübədən asılı olaraq, erkən uşaqlıq dövründən və yeniyetməlik yaşına qədər formalaşır və C. Boulbinin fikrincə, bütün ömür boyu özünəməxsus olaraq qalır. Ən vacib faza 6 aylıqdan 5 yaşa qədər olan dövrdür. Müəllif hesab edir ki, bu yaşda uşağın inkişafının ən vacib vəzifəsi — bağlılığın formalaşmasıdır. Valideynlərə münasibətdə bağlılıq davranışının tez-tez təzahür etmələri yalnız yeniyetməlik dövrü başladıqda nəzərəçarpan dərəcədə zəifləyir. Əgər uşağa anası və ya hər hansı digər bağlılıq obyekti ilə istilik, yaxınlıq və davamlı münasibətlər hiss etməyə imkan verilmirsə, homeostaz pozulur. C. Boulbi bu vəziyyəti deprivasiya adlandırır. Əgər uşaq erkən uşaqlıq dövründə bağlılıq obyektinin onun sərəncamında olmasına dair qeyri-müəyyənlik yaşayırsa, C. Boulbinin fikrincə təşvişli və inamsız bağlılıq davranışı formalaşır. Ətraf mühiti etibarsız, əlçatmaz, qərəzli və ya təhlükəli hesab edən uşaqlarda sonradan güclü təşviş yarana və davranışın qaçınma patternləri formalaşa bilər. Etibarlı bağlılıq əlamətləri aşağıdakılardır: 1) bağlılıq obyekti uşağı başqalarından daha yaxşı sakitləşdirə bilir; 2) uşaq sakitləşmək üçün digər böyüklərə nisbətən bağlılıq obyektinə daha çox müraciət edir; 3) bağlılıq obyektinin yanında uşaq daha az hallarda qorxu hiss edir [23].
H. Sullivan-ın fikrincə [24], əgər uşaqda lap əvvəldən şəxsiyyətlərarası etibarlılıq hissi yaradılarsa, bu hiss uşaqda təşvişin inkişafına imkan verməz. Uşaq üçün təşvişin əsas mənbəyi əhəmiyyətli insanlar tərəfindən bəyənilməməkdir. Eyni zamanda şəxsiyyət — təşviş hissinin yaşanmasına əsaslanan
adaptiv varlıqdır.
Qorxuların təzahürlərini təsvir edərkən, fobiya kimi anlayışa toxunmaq lazımdır — kifayət qədər tənqid olduğu halda dəqiq fabula ilə sarışan qorxu həyəcanı. Belə qorxular müəyyən vəziyyətlərdə kəskinləşir, parlaq, obrazlı, həssas xarakter daşıyırlar. Onlara qarşı ikili münasibət — qorxunun əsassız olduğunun başa düşülməsi fonunda davam edən qorxu həyəcanı səbəbindən, adətən, əzabverici olurlar. Xəstələr öz həyəcanlarını ağrılı zəiflik, iradəsizlik, qəribəlik kimi nəzərdən keçirirlər. Fobiyaların əhəmiyyətli əlaməti — onlara qarşı açıq mübarizədir [25]. S.N. Davidenkov [26] qeyd edirdi ki, tənqidin tam saxlanılması yalnız tutmalardan kənar vaxt üçün səciyyəvidir. Qeyd etmək lazımdır ki, böyüklərdən fərqli olaraq, uşaqlar fobiyaların məzmununa heç də hər zaman tənqidlə yanaşmırlar. Onlar çox zaman inanırlar ki, qorxuducu stimul ciddi təhlükə törədə bilər. Spesifik fobiyalardan əziyyət çəkən böyüklərin əksəriyyətindən fərqli olaraq, uşaqlar çox zaman öz qorxularının həddən artıq və əsassız olduğunu başa düşmürlər. Uşaqların təxminən 2-4%-də həyatın hansısa dövründə spesifik fobiyalar yaşanır [27]. Spesifik fobiyaları olan uşaqlarda cüzi təhlükə yarada biləcək və ya ümumiyyətlə təhlükə yaratmayan nəyinsə qarşısında həddən artıq, patoloji qorxu müşahidə olunur.
Təşvişli uşaqlar təhlükə kəsb edən vəziyyətlərə qarşı həddən artıq həssaslıq və ikimənalı vəziyyətlərin təhlükəli kimi təfsir edilməsinə meylliliklə fərqlənirlər.
Uşaq fobiyalarının böyük hissəsi bəşəriyyəti bütün inkişafı boyu izləyən təbii təhlükələr və qorxuducu stimullarla əlaqəlidir. Bunlara aşağıdakılar aiddir: ilanlar, qaranlıq, vəhşi heyvanlar, yüksəklik, qan, yüksək səslər və tanış olmayan yerlər. Heyvanlar, qaranlıq, həşəratlar, qan və travmalarla əlaqəli olan fobiyalar, adətən, 7-9 yaşlarında meydana çıxır, bu da onları normal inkişaf üçün səciyyəvi olan qorxulara oxşar edir. Lakin klinik fobiyalar normal qorxulara nisbətən daha uzun müddət davam etmək xüsusiyyətinə malikdir, halbuki hər ikisi zaman keçdikcə zəifləyir. E. Meş və D.Volfa görə [6] körpələrdə, uşaqlarda və yeniyetmələrdə daha çox rast gəlinən qorxular cədvəldə təqdim edilmişdir.
Məktəbəqədər yaşlı uşaqların qorxuları üçün sadə və konkret məzmun, eləcə də parlaq, vizual və qorxuducu obrazlarla kombinə olunma səciyyəvidir. Ən çox rast gəlinən qorxu qaranlıq qorxusudur (niktofobiya). Qaranlıqdan qorxan uşaqlar qaranlıq otaqda yatmaqdan qorxur və valideynlərin otağında qalmağa can atırlar.
Kiçik məktəb yaşlı uşaqlarda çox vaxt təklik qorxusu (izolofobiya) qeydə alınır. Bu qorxunu aqarofobiyanın təzahürlərinə aid etmək olar. “Aqarofobiya” termini burada ilkin variantına və ya bəzi ölkələrdə hal-hazıradək təfsir edildiyi formaya nisbətən daha geniş mənada verilmişdir. İndi bu terminə təkcə açıq məkanlardan qorxular deyil, həm də buna yaxın vəziyyətlər, məsələn, izdihamın olması və ya dərhal təhlükəsiz yerə (adətən, evə) qayıtmağın mümkün olmaması da daxildir.
Uşaq böyüdükcə, sağlamlıq vəziyyəti və ölümlə bağlı narahatlıqlar yaranmağa başlayır. [28]. X. Remşmidt [5] qeyd edir ki, yetişkənlik dövrü başa çatdıqda, qorxular arasında cəmiyyətlə bağlı narahatlıqlar lider mövqe tutmağa başlayır. A.Q. Qolovina [3] yazır ki, əgər 60-70-ci illərdə tədqiqatçılar kosmik fəza, yadplanetlilərin hücumu qarşısında qorxu kimi fenomenlərin yüksək tezliyini qeydə alırdılarsa, XX əsrin sonlarına
doğru bu qorxular getdikcə daha az müşahidə olunur və demək olar ki, bu barədə danışılmır, əksinə, xurafat və mövhumata zəmin yaradan, “magik düşüncəyə” (damdabaca, ruh, qarabasma, kabus, vampirlər qorxusu) meylliliyi dəstəkləyən informasiya axınının səbəb olduğu mistik qorxular yaranıb.
Daha əvvəl apardığımız tədqiqat [29] göstərmişdir ki, təşviş-fobiya pozuntuları olan uşaqların psixi vəziyyəti yanaşı olaraq diqqət və yaddaşın pozulmaları ilə xarakterizə olunur. TOVA (the Test of Variables of Attention) fasiləsiz fəaliyyət testinin köməyi ilə aparılmış psixofizioloji tədqiqat fobiyalı uşaqlarda diqqətsizlik göstəricilərinin və xüsusilə də impulsivliyin nəzarət qrupundan olan uşaqlarla müqayisədə etibarlı şəkildə artmasını aşkara çıxarmışdır. Bundan əlavə, psixoloji tədqiqatlar göstərmişdir ki, bu patologiyadan əziyyət çəkən uşaqlarda qısamüddətli eşitmə-nitq və görmə yaddaşlarının göstəriciləri onların sağlam yaşıdlarında müşahidə edilən müvafiq göstəricilərdən etibarlı şəkildə aşağıdır. Uşaqlarda mnestik və təşviş pozuntuları arasında əlaqəni R.Vasa və həmmüəll. [13] də qeyd edirdilər. Güman etmək olar ki, fobiya pozuntularının və koqnitiv pozuntuların komorbidliyinin əsasında sinir sisteminin plastikliyinin dəyişiklikləri dayanır.
Nevrotik qorxuların müalicəsində trankvilizatorlar (anksiolitiklər) aparıcı rol oynayır. Bu qrupa, təşviş təzahürlərini, emosional gərginliyi, qorxuları azaldan psixofarmakoloji vasitələr daxildir. Benzodiazepinlər qrupundan olan preparatların əlavə təsirlərini nəzərə alaraq, son zamanlar təşviş pozuntularının müalicəsi üçün qeyri-benzodiazepin trankvilizatorlardan daha fəal şəkildə istifadə olunur.
Onlarla yanaşı, bu patologiyanın müalicəsində trankvilonootroplar adlandırılan preparatlar da geniş istifadə olunur, onların parlaq nümayəndəsi noofendir (aminofenilyağ turşusu). Noofen preparatının fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, o, həm trankvilizəedici, həm də nootrop preparatın xüsusiyyətlərinə malikdir. Nootrop xüsusiyyət hipoksiya əleyhinə təsirə, QAYT-ergik neyromediator ötürülmənin yaxşılaşmasına, energetik resursların artırılmasına, metabolik proseslərin aktivləşməsinə, neyronların funksional xüsusiyyətlərinin yaxşılaşmasına əsaslanır. Nəzərə almaq lazımdır ki, noofenə (feniletilaminin törəməsi kimi) dofaminmimetik xüsusiyyətlər də xasdır və bunlar onun asteniya əleyhinə təsirini gücləndirirlər.
Nootrop təsirdən əlavə noofen mülayim trankvilizəedici (anksiolitik) təsir də göstərir, gərginliyi, təşvişi, qorxunu, emosional labilliyi, ağlağanlığı, əsəbiliyi azaldır, yuxunu normallaşdırır [34, 35].
E. Meş və D. Volfa görə [6] körpələrdə, uşaqlarda və yeniyetmələrdə daha çox rast gəlinən qorxular aşağıdakı kimidir.
| Yaş | Qorxu obyekti |
|---|---|
| 0–6 ay | Fiziki dəstəyin itirilməsi, yüksək səslər |
| 7–12 ay | Tanış olmayan insanlar; əşyaların gözlənilmədən peyda olması və ya təhlükəli görünüşə malik olan əşyalar |
| Erkən uşaqlıq dövrü | Valideynlərdən ayrılma, travma, gigiyena, tanış olmayan insanlar |
| Məktəbəqədər yaş | Yüksək səslər, heyvanlar, qaranlıq otaq, valideynlərdən ayrılma, iri əşyalar və ya maşınlar, ətraf mühitdəki dəyişikliklər |
| Uşaqlıq dövrü | Maskalar, qaranlıq, heyvanlar, valideynlərdən ayrılma; səs-küy; “pis” insanlar; fiziki travma |
| 7–8 yaş | Fövqəltəbii varlıqlar, qaranlıq, xəbər proqramlarında göstərilən hadisələr, tək qalmaq, fiziki travma |
| 9–12 yaş | Məktəb testləri və imtahanları, məktəbdə davamiyyət, fiziki travma, xarici görünüş, ildırım və şimşək, ölüm |
| Yeniyetməlik yaşı | Şəxsi münasibətlər, xarici görünüş, məktəb, siyasi məsələlər, gələcək, heyvanlar, fövqəltəbii hadisələr, təbii fəlakətlər, təhlükəsizlik |
Noofenin trankvilizəedici təsiri onun patogenetik təsir hesabına kortikal strukturların subkortikal, o cümlədən limbik strukturlar üzərində nəzarət funksiyasını gücləndirmək: QAYTergik neyromediator ötürülməni yaxşılaşdırmaq qabiliyyəti ilə əlaqədardır [35]. Preparatın anksiolitik təsiri həm təşvişin azaldılması, həm də danışmazdan əvvəlki qorxunun azaldılmasında özünü büruzə verir ki, bu da kəkələmənin müalicəsində olduqca vacibdir. O.S. Çaban və Y.A. Xaustovanın fikrincə (2009), noofenin farmakoloji təsiri dozadan asılı xarakter daşıyır: preparatın dozası artdıqca onun trankvilizəedici aktivliyi artır [36].
Bu təsirlərin birləşməsi noofenin böyük üstünlüyüdür, belə ki, ayrı-ayrı təsirlərə malik olan iki preparat əvəzinə sadəcə bir preparatı qəbul etməyə imkan verir. Bu, xüsusilə də, uşaqlarda dərman vasitələrinin istifadəsi zamanı vacibdir.
Noofen 250 mq-lıq kapsullar formasında buraxılır. Kapsul şəklində olan dərman formasının istifadəsi preparatın mənimsənilməsini artırmağa və mədənin selikli qişasını qorumağa imkan verir. Noofen 8-14 yaşlı uşaqlara —
250 mq dozada gündə 2-3 dəfə, 14 yaşdan böyük uşaqlara — 250‑500 mq dozada gündə 3 dəfə olmaqla 4-6 həftə ərzində təyin edilir.
Uşaqlarda təşviş pozuntularının çox zaman tiklər və kəkələmə ilə müşayiət olunduğunu nəzərə alaraq, həm müvəqqəti, həm də xroniki tiklərin müalicəsində noofenin yüksək klinik effektivliyini göstərən tədqiqat nəticələrimiz olduqca vacibdir [37].
Bundan əlavə, noofenin istifadəsi kəkələmənin azalmasına nail olmağa imkan vermişdir. Yaxşılaşma bu pozuntunun həm nevrotik, həm də nevrozabənzər variantından əziyyət çəkən pasiyentlərin əksəriyyətində əldə edilmişdir. Müalicə kursu başa çatdıqdan sonra təkrar psixoloji tədqiqatlar kəkələmədən əziyyət çəkən uşaqların 83%-də təşviş göstəricilərinin azalmasını aşkara çıxarmışdır. Qeyd etmək lazımdır ki, nevrotik kəkələməsi olan pasiyentlərdə loqofobiyanın (danışmazdan əvvəl qorxu) azalması müşahidə olunmuşdur.
Elektroensefaloqrafiya müayinəsinin nəticələrinin müqayisəli analizi göstərmişdir ki, noofen ilə müalicə kursu başa çatdıqdan sonra ənsə nahiyələrində alfa-aktivliyin artması şəklində müsbət dinamika qeydə alınmışdır ki, bu da baş beyinin funksional vəziyyətinin yaxşılaşmasını göstərir [37].
Bundan əlavə, tərəfimizdən göstərilmişdir ki, noofenin
istifadəsi uzun sürən təşviş-fobiya pozuntularının təzahürlərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Müalicədən sonra vegetativ disfunksiyanın təzahürlərinin nəzərəçarpan dərəcədə azalmasını da xüsusi qeyd etmək lazımdır. Psixofizioloji müayinələrin nəticələri klinik məlumatları təsdiq etməyə imkan vermiş və noofen ilə müalicə kursundan sonra neyrokoqnitiv çatışmazlığın azalmasını göstərmişdir [38].
Preparatın mühüm xüsusiyyəti əlavə təsirlərin yaranma tezliyinin aşağı olmasıdır. Nadir hallarda noofenin qəbulu fonunda müvəqqəti gündüz yuxululuğu və ya əksinə, hərəki aktivliyin artması və yuxuya getməkdə çətinliklərin yaranması qeydə alınmışdır. Bu arzuolunmaz simptomlar müalicə kursunun əvvəlində yarana bilərlər və müalicənin gedişində 2 həftə ərzində keçib gedirlər. Qeyd etmək lazımdır ki, bu əlamətlər müalicənin dayandırılmasına gətirib çıxarmırlar. Digər əlavə təsirlər aşkar edilməmişdir.
Beləliklə, noofen uşaq və yeniyetmələrdə təşviş pozuntularının müalicəsi üçün yüksək effektivliyə malik olan və təhlükəsiz vasitədir.